Nurupaşa Abdullayevin vəsatəti təmin olunmadı

ÖLKƏ
18:52
10 Sentyabr 2020
81

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Xarici İşlər Nazirliyində keçirilən əməliyyat zamanı həbs edilən XİN şöbə müdiri Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığa qətimkan tədbiri ilə dəyişdirməsi bağlı məhkəməyə vəsatətinə baxılıb.

Sabah.az xəbər verir ki, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Abdullayevin vəsatəti təmin edilməyib.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Nurupaşa Abdullayevin xidməti və yaşadığı ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Xəbər lenti