Baş Prokurorluq əkizlərdən birinin oğurlanması məsələsinə aydınlıq gətirdi
Bəzi Kütləvi İnformasiya vasitələri və sosial media səhifələrində paytaxt sakini Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarından birinin “3 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin həkimləri tərəfindən oğurlanması barədə məlumatlar yayılıb.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarının birinin qeyd edilən xəstəxananın həkimləri tərəfindən oğurlanması barədə müraciəti üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Aytən Namazovanın hamiləliyi dövründə ultrasəs müayinəsi üçün müraciət etdiyi Sabunçu rayonu 21 saylı şəhər poliklinikasının həkim-sonoqrafı Sevda Nəzərova və həkim sonoqraf Şərqiyyə İbrahimova tərəfindən müayinə vərəqələrində faktiki olaraq bir dölə aid göstəricilərin qeyd olunmasına baxmayaraq, sonuncuların müayinə vərəqələrinin tərtibatına məsuliyyətsiz yanaşmaları nəticəsində dölün sayı qrafasında mexaniki səhvə yol verilərək 2 rəqəmi qeyd edilib.
Aparılmış araşdırma nəticəsində Aytən Namazovanın 7 noyabr 2019-cu il tarixdə müraciət etdiyi 3 saylı ŞKX-da ultrasəs müayinəsi zamanı 6 həftəlik əkiz döllərə hamilə olması, lakin hamiləliyinin sonrakı dövrlərində döllərdən birinin inkşafdan qalması nəticəsində 31 iyul 2020-ci il tarixdə yalnız bir uşaq dünyaya gətirməsi alınmış izahatlar, məhkəmə-tibbi ekspertinin rəyi və digər zəruri sənədlərlə sübuta yetirildiyindən, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından 3 sentyabr 2020-ci il tarixdə cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Sabunçu rayon prokurorluğu tərəfindən qeyd edilən həkimlərin intizam məsuliyyətinə cəlb olunmaları məsələsinə baxılması, bu kimi halların qarşısının alınması və gələcəkdə yol verilməməsi məqsədi ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinə təqdimat verilib.
Daha çox