“İki ildir maaş almırıq” – Deputatlığa namizəd futbolçularla görüşdü +Video

ÖLKƏ
14:08
31 Yanvar 2020
62

47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Səbuhi Abbasov “Energetik” futbol klubu və “Zona 45” azarkeş qrupunun üzvləri ilə görüşüb.

Sabah.az-ın məlumatına görə, Səbuhi Abbasov çıxışında bildirib ki, Mingəçevirin tarixinə qızıl hərflərlə yazılmış “Energetik” klubu hazırda acınacaqlı durumdadır:

“Bilirsiniz ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilər Prezident İlham Əliyevin müəllifi olduğu islahatlar prosesinin ən mühüm tərkib hissəsidir. Ölkəmiz bütövlükdə yeni bir mərhələyə qədəm qoyur.  Çox istərdik ki, bu mərhələdə “Energetik” klubunun tarixində də yeni səhifə açılsın. Bu klubu öhdəsinə götürən aidiyyatı qurum yoxdur. Ümid edirik ki, AFFA rəhbərliyi “Energetik” klubunun problemləri ilə maraqlanacaq və komandaya lazım olan ən minimum ehtiyacların ödənməsi üçün vəsait ayıracaq”.

“Energetik” klubunun prezidenti Ruslan Həmidov isə qeyd edib ki, futbolçuları 2 ilə yaxındır maaş almırlar. Onlar məhz şəhərin adını yaşatmaq üçün heç bir təmənna güdmədən futbol oynayırlar:

“Bizim vəziyyətimiz həddindən artıq pisdir. İki ildir futbolçular maaş ala bilmir. Bir neçə aidiyyatı qurumlara müraciət etsək də, hələlik heç bir nəticə yoxdur. “Energetik”in futbolçuları gənclərdən ibarətdir. Mingəçevir futbol şəhəridir. Bizim keçən il “Sumqayıt”la oyunumuza 3500 azarkeş gəlmişdi. Burdakı insanlarda futbol yanğısı var. Biz “Energetik” üçün milyonlar istəmirik. Heç olmasa, futbolçulara 250-300 manat maaş verə bilək. Bizi əvvəllər “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev maliyyələşdirirdi. O işdən azad olunandan sonra komanda sahibsiz qalıb. Ümid edirik ki, AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov bizim köməyimizə çatacaqlar və komandanın vəziyyətinin yaxşılaşması üçün yardım edəcəklər. Fevralın 8-də Region Liqasında ikinci dövrə başlayır. Amma biz hələ də bilmirik ki, necə davam edəcəyik. Halbuki, komanda 1-ci yerdə gedir”.

Klubun prezidenti sonda bildirib ki, Səbuhi Abbasov hər zaman “Energetik”ə qarşı həssas olub və yaranmış problemləri mediada işıqlandırıb: “Bütün klubumuzun üzvləri və azarkeşlərimiz 9 fevralda Səbuhi Abbasova səs verəcəyik”.

Xəbər lenti