Seçki məntəqəsində döyülən qız - "Özlərini biabır edirlər"+Video
76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqəsində (Lənkəran rayonunun Şürük kəndində yerləşən məntəqə) gənc qızın bir qadın tərəfindən döyüldüyünü, yerdə sürüdüldüyünü əks etdirən video-görüntülər son günlər sosial şəbəkələrdə əsas müzakirə mövzularından biridir. Həmin kadrlarda şiddətə məruz qalan 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü Jalə Bayramovadır.
Sabah.az xəbər verir ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi olan Jalə Bayramova Bizimyol.info-ya hadisə günü və ondan sonra baş verənlər haqda danışıb. Jalə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun baş verən hadisəyə görə onu günahlandırmasına da münasibət bildirib.
Yayılan videogörüntülərdə bir qadın Jalə Bayramovanın əlindən telefonunu almağa çalışır, onu boğur, daha sonra yerə yıxaraq, məntəqənin içində sürüyür. Sonradan müəyyənləşdirilib ki, həmin qadın Azadə Kərimovadır. Ətrafdakıların bəziləri gənc qızı onun əlindən almağa çalışsalar da, qadın o adamlardan birini də itələyib yıxır. Jalə danışır ki, sosial şəbəkələrdə yayılan videoda hadisə tam əks olunmayıb. Sonradan Azadə Kərimova bir daha ona hücum edib: “Məni sürüyüb qapının ağzına gətirdi. Sonra mən ayağa qalxdım, yenə öz yerimə qayıtdım, gəlib stulda əyləşdim. Bu zaman o, yenidən mənə hücum etdi. Gördüm ki, mümkün deyil, ətrafdakılardan xahiş etdim ki, polis çağırsınlar. Amma çağırmadılar. Ona görə özüm çağırdım. Polis gələnə qədər o, çıxıb getdi. Onu icra nümayəndəsi çağırmışdı, özü də yola saldı...”
Jalə Bayramova deyir ki, həmin gün iki saata yaxın polis şöbəsində izahat yazıb. Daha sonra Lənkəran şəhər Xəstəxanasına gedib. Bir gün sonra o, daha üç nəfər məşvərətçi səs hüquqlu üzvlə birlikdə xəstəxanaya gedib, ekspertizadan keçib. Amma son nəticədə ekspertiza ona üzərindəki xəsarətlərlə bağlı rəy verməkdən imtina edib.
O, Bakıdakı xəstəxanadan da üzərindəki xəsarətlərlə bağlı rəy almağa çalışıb. Amma yenə də verməyiblər. Hesab edir ki, xəstəxanalar tapşırıq əsasında bu cür davranır.
Fevralın 20-də MSK sədri Məzahir Pənahov da bu hadisədən danışıb. O, Jalə Bayramovanı döyəni yox, gənc qızı ittiham edib: “Digər xanım ona xəbərdarlıq edib ki, çəkməsin. Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdan gəlmişlik edir ki, guya onu döyüblər”.
Bundan sonra müxtəlif saytlar Jalə Bayramova haqqında cinayət işi başlanması xəbərini yaydılar. Amma Jalə bu məlumatı təsdiqləmir. Deyir ki, onlarda bu barədə informasiya yoxdur. Ehtimal edir ki, cinayət işi başlanması xəbəri M.Pənahovun onun haqqında səsləndirdiyi “Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib, həmin xanımı qanunla cəzalandıracaqlar” fikrindən qaynaqlanır.
M.Pənahovun onu döyən qadını yox, onun özünü günahlandırmasına gəlincə, Jalə Bayramova belə cavab verir: “76 saylı dairənin müxtəlif məntəqələrində, o cümlədən biz olduğumuz məntəqədə çox ciddi qanun pozuntularına yol verilib. Seçkidə biabırçı hallar yaşandı. Mənimlə bağlı hadisə yerli media ilə yanaşı, beynəlxalq mediada da işıqlandırıldı. Bu biabırçılıq qarşısında heç nə deyə bilmirlər, ona görə bu cür yalan, böhtan danışırlar. Məntəqədə çəkiliş aparmaq qanunla qadağan deyil. Mən də heç bir qanun pozuntusuna yol verməmişəm. Bu cür açıqlamalarla qanunsuzluqları ört-basdır etmək istəyirlər, amma özlərini daha da biabır edirlər”.
Daha çox