“Sahibkar ancaq dövlətin vergisini ödəməlidir, heç kimə heç bir vəsait ödənilməməlidir”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
Sabah.az dövlət başçısının videoqəbuldakı çıxışından bəzi məqamları təqdim edir.
“İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır”.
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud olan problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud olan problemlər həll edilərsə, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.
“Hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Məhz yerlərdən gələn müraciətlər əsasında bu proqramlar tərtib edilib və ardıcıllıqla icra edilir. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq”.
“Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyalar böyük inkişafa səbəb olub. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Fermerlər üçün daha da uyğun sistem yaradılıb, çox şəffaf sistem yaradılıb”.
“Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. Yeddi ay ərzində iqtisadiyyat cəmi 2,8 faiz düşüb. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır. Ümumi avrozona məkanında haradasa 15 faizə yaxındır. Ona görə Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir”.
“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.
Daha çox