Asim Mollazadənin lider olduğu dairədə 4 məntəqə ləğv olundu
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Vüqar Məmmədovun müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, V. Məmmədov seçki günü dairə üzrə müxtəlif məntəqələrdə qanun pozuntularının olduğunu iddia edərək müvafiq tədbirlərin görülməsini xahiş edib.
“İddiaçı 27 məntəqədə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı 1, 20, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən edilib. Təqdim edilən protokolların araşdırılması zamanı isə 11 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”, - deyə Q. Orucov bildirib.
MSK müraciəti müzakirəyə çıxarıb və 1, 11, 20, 24 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən sözügedən dairənin lider namizədi Asim Mollazadədir.
Daha çox