Zərdabda etiraz aksiyası: İcra başçısı hadisə yerinə gəldi - Video

GÜNDƏM
13:28
21 Fevral 2020
520

Zərdab rayon Çallı kənd sakinləri örüş sahələrinin uzun illərdir zəbt olunduğunu iddia edərək etiraz aksiyası keçiriblər.

Sabah.az Bizimyol.info-ya istinadən xəbər verir ki, sakinlər örüş sahələrinin geri qaytarılmağını və Bələdiyyə üzvlərinin yenidən seçilməsini tələb ediblər.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilərin keçirdiyi etiraz aksiyası zamanı polis tərəfindən saxlanan və xəsarət alanlar olub.

Məlumatda bildirilib ki, yüzlərlə şəxs saxlanılanların sərbəst buraxılması üçün rayon mərkəzinə yola düşüblər. Bunu eşidən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov dərhal kəndə gedib və yüzlərlə kənd sakinini geri qaytararaq, kənddə onlarla görüşüb. İlk olaraq icra başçısı bir neçə nəfərlə qapalı görüşmək istəyib, lakin aksiyaçılar buna razılaşmadığına görə görüş açıq şəkildə baş tutub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyası keçirib: “Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.

Xəbər lenti