“Dərhal göstəriş verdim ki, bütün hasarlar sökülsün” - Prezident
"Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir".
Sabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olan zaman deyib.
O bildirib ki, daha sonra binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verib:
"Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.
O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir. Sizə təxminən nə qədər vaxt lazım olacaq?
Eldar Əzizov: Möhtərəm cənab Prezident, çalışarıq noyabrın sonuna kimi tamamlayaq.
Prezident İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.
Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamladılar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni parkda görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.
Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.
Daha çox