“Günahı bir-birinin üstünə yıxmasaydılar, bu problemlə üzləşməyəcəkdik”
"Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır".
Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib:
Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq.
Ona görə qeyd etdiyim məsələlər birmənalı şəkildə göstərir ki, içməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır".
Daha çox