Dövlət başçısı parlament binasındakı dağıntılardan danışdı
“Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi”.
Sabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib:
“İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim.
Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar”.
Daha çox