Bakıda hamilə qadın koronavirusdan vəfat etdi

GÜNDƏM
13:38
29 İyun 2020
450

Bakıda hamilə qadın koronavirusdan dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, doğuşdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicəsi davam etdirilən qadın 10 günlük komadan sonra ayılmayıb.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ananın vəziyyəti get-gedə ağırlaşdığına görə körpəni xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı olunub:

“Ana çox ağır “COVID”li xəstə idi. Hazırda körpənin vəziyyəti ilk günlərdəki kimi çox ağırdır. Bətndə ananın vəziyyəti ilə bağlı oksigen azlığı keçirib. Bu səbəbdən, baş beyində ciddi zədələnmələr var. Müayinələrdə beyində qanama, beynin işemik zədələnməsi aşkarlanıb. İlk andan körpə ağciyərlərin süni tənəffüs cihazına bağlıdır. Hələ ki, cihazdan ayırmaq mümkün deyil. Bununla yanaşı, vaxtından erkən doğulmanın əlamətləri vəziyyətini daha da ağırlaşdırır.

Uşaqdan götürülmüş “COVID-19” RP - PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil, körpəni hər an itirə bilərik”.

Qeyd edək ki, koronavirusdan dünyasının dəyişən qadının bir azyaşlı qızı da var.

Xəbər lenti