Bakıda ən ucuz mənzillər bu ərazilərdədir - Video

İQTİSADİYYAT
01:45
25 İyun 2020
326

Pandemiya dövründə daşınmaz əmlakın qiyməti dəyişməz olaraq qalır.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, yenə də ən ucuz bina evləri nisbətən ucqar sayılan Qaradağ rayonu ərazisində təklif edilir. Ən bahalı bina evləri isə Neftçilər prospekti ətrafındadır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, yenə də ən ucuz bina evləri paytaxtın mərkəzindən xeyli kənardadır. Qaradağ rayonu Lökbatan qəsəbəsində hazır tikilidə mənzilin bir kv/m-nin qiyməti 640 manatdan başlayır. Əgər bina tikilmək mərhələsindədirsə, bu zaman mənzili daha ucuz qiymətə də almaq mümkündür.

Şəhərin mərkəzinə nisbətən yaxın sayılan Sabunçu və Suraxanı rayonlarının ən ucqar yerlərində tikilməkdə olan binalarda mənzillərin 1 kv/m qiyməti isə 700 manatdan başlayır. Burada hazır binada qiymətlər 900-1000 arasında dəyişir.

Ən bahalı mənzillərin ünvanı isə demək olar ki, dəyişməz olaraq qalır. Neftçilər prospektində, dəniz görünüşlü mənzillər Bakının ən bahalı bina evləri sayılır. Burada 1 kv/m mənzilin qiyməti hətta 7 min manata çatır.

Nofəl Quliyev deyir ki, bu ərazilərdə qiymətlərin baha olmasının başqa səbəbləri də var. Məsələn, bu evləri daha tez və daha baha qiymətə kirayə vermək mümkündür. Üstəlik, belə mənzillərin alıcısı da tez tapılır. Ekspert onu da bildirib ki, pandemiya dövründə daşınmaz əmlakın qiyməti demək olar ki, dəyişməz olaraq qalıb. Ancaq kirayə mənzil bazarında isə nisbətən ucuzlaşma var. Bunun da əsas səbəbi təhsil müəssisələrinin bağlı olması və ölkəmizə turstlərin hələlik gəlməməsidir.

Xəbər lenti