Gəncədə məktəb, teatr və İdman Sarayının tikintisi haqda sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, sərəncamda deyilir:
1. Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Bundan başqa, dövlət başçısı Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı imzalayıb:
Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılsın.
***
Prezidentin daha bir sərəncamı ilə Gəncə şəhərində İdman Sarayı tikiləcək:
Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
Daha çox