Beynəlxalq axtarışa verilən şəxs Azərbaycanın tanınmış idmançısıdır
Ukraynanın paytaxtı Kiyevdə qətl törətdikdən iki il sonra Bakıda saxlanılan Yasin Həsənovun idmançı olduğu müəyyənləşib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub.
O, 20 fevral 1987-ci ildə Qazaxıstanın Karaqanda şəhərində doğulsa da, idmançı kimi nailiyyətlərini Bakıya gəldikdən sonra əldə edib.
Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu 90 kq çəki dərəcəsində 4 dəfə sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə ölkə çempionu və mükafatçısı olub. O, beynəlxalq nailiyyətlərə də imza atıb. Həsənov 2009-cu ildə həm cüdo üzrə Dünya Kubokunun, həm də sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı adını qazanıb.
Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Kiyevdə yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən Y.Həsənov Bakıda saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Y.Həsənov tutulub.
Daha çox