Bölgə klubları yenə Premyer Liqaya buraxılmadı – AFFA-dan yekun qərar

İDMAN
17:07
18 İyun 2020
83

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Sabah.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb.

İclasda 2020-2021-ci il mövsümündə UEFA-nın klub turnirlərində və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ" FK, "Qəbələ" İK, "Neftçi" PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Səbail PFK, “Keşlə” FK, “Sabah” FK.
 
2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Ağsu” FK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK.

Beləliklə, bu qərar o deməkdir ki, yeni mövsüm yenə 8 komandanın iştirakı ilə keçiriləcək.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Məlumatda həmçinin deyilir: UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.  Məlum olduğu kimi, “Sabah” FK Premyer Liqasında iştirak edir və AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, “Sabah” FK ilə bağlı müstəsna prosedurun tətbiq olunmasına dair UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Sabah” FK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və bunula bağlı qərar qəbul edilmişdir.
 
“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2019) 13-cü maddəsinə müvafiq olaraq, 2020-2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Xəbər lenti