Mingəçevir su anbarında suyun səviyyəsi 2,4 metr enib
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının su səviyyəsində 2 metr 4 santimetr enmə müşahidə olunur.
Sabah.az APA-ya istinadən xəbər verir ki, ötən il bu hədd 73.36 metr idisə, hazırda 71.32 metr təşkil edir. Anbarda azalma davamlı olaraq müşahidə olunur. Təkcə iyunun 15-də gün ərzində anbarın ümumi su səviyyəsi 3 sm-dək azalıb. Bu durum mənbəyini su anbarından alan Yuxarı Şirvan Kanalı kollektivini qənaət rejimi tətbiq etməyə sövq edib.
Kanalın baş mühəndisi Əliqulu Abbasovun verdiyi məlumata görə, tətbiq olunan qənaət hər hansı gözlənilməz durumda əraziyə daxil olan rayonların əkin sahələrini suvarma suyu ilə təmin etməyə imkan verəcək. Limit üzrə kanal saniyədə 59 kubmetr su qəbul edib ötürmək imkanına malik olsa da, qənaət tətbiqindən sonra həmin ötürücülük həddi məqsədyönlü şəkildə saniyədə 55 kub metr su səviyyəsinə endirilib.
Ə.Abbasovun sözlərinə görə, kanalda digər xarakterli qabaqlayıcı tədbirlər də görülür. Kanalın baş mühəndisi deyib ki, proses qarşıdakı dönəmlərdə də davam etdiriləcək. Ə.Abbasov bildirib ki, anbarda suyun azalması çətinliklərə yol açsa da, Yuxarı Şirvan kanalının ötürücülük qabiliyyətində hər hansı problem mövcud deyil.
Daha çox