Bakıya giriş-çıxışda uzun tıxac - Bu şəxslər geri qaytarılır+Video

XƏBƏR
21:07
13 İyun 2020
329

Məlum olduğu kimi, bu gecədən 16 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı ərazisində gücləndirilmiş karantin rejimi başlayır. Buna görə Bakıda yaşayan bəzi vətəndaşlar rayonlara üz tutmağa başlayıb. Nəticədə isə postlarda böyük tıxac yaranıb.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində qurulan stasionar postda da tıxac yaranıb.

Bu postda yol polisi, çevik polis və Daxili Qoşunların hərbiçiləri xidmət aparırlar. Çəkiliş zamanı çoxlu sayda vətəndaşın müxtəlif rayonlar istiqamətində getdiyinin şahidi olduq.

Postda sürücülər bir-bir saxlanaraq onların hansı rayon və şəhər qeydiyyatında olması yoxlanılır. Rayonlara üz tutan əksər vətəndaşlar Bakı qeydiyyatında olduğu üçün onların rayonlara getməsinə icazə verilməyib. Həmin şəxslər Bakı istiqamətinə geri qaytarılıb.

Ancaq bəzi şəxslər sənədləri qaydasında olduğu üçün onların rayon istiqamətinə icazə verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev xatırladıb ki, sərtləşdirilmiş karantin rejimində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərindən və Abşeron rayonundan olan vətəndaşların digər rayon və şəhərlə getməsinə icazə verilmir. Ancaq bu gün səhər saatlarından Bakı, Sumqayıt və Abşeron rayonunun sakinləri ikigünlük karantin dövründə istirahət etmək üçün rayonlara getmək istəyiblər. Buna görə də Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Ələt-Astara istiqamətində quraşdırılmış polis postlarında sıxlıq yaranıb.

Kamran Əliyev onu da bildirib ki, sərt məhdudiyyətin tətbiq edildiyi rayon və şəhərlərdə qeydiyyatda olan şəxslər hazırda digər rayonlardadırsa, növbəti 2 gün ərzində onların qeydiyyatda olduğu yerlərə girişlərinə də icazə verilməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti