Yaşayış olmayan mənzilə 1 116 manat borc yazılıb – “Azərsu”nun məhkəmə işi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt sakini Malik Hacızadəyə 1 116 manat məbləğində borc yazıb.
Sabah.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən vətəndaşın iddiası təmin edilib.
Qətnaməyə əsasən, iddiaçı Hacızadə Malik Atamalı oğlunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 68 ünvanına hesablanmış 1 116 manat məbləğində borcun silinməsi qət edilib.
Qərardan “Azərsu” ASC-nin verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Telman Məmmədovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib.
Qeyd edək ki, “Azərsu” ASC-nin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən borc yazılan ünvana 7 nəfər ailə tərkibinə görə hesabat aparılıb. İddiaçı isə bildirib ki, həmin mənzildə yaşayış olmayıb və o, ailə üzvləri ilə birlikdə xarici ölkədə yaşayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, ona məxsus mənzildə yaşayış olmayıb.
Bu səbəbdən də yazılan borc əsassız hesab edilib.
Daha çox