FHN Sumqayıtdakı uçqunla bağlı məlumat yaydı

XƏBƏR
01:56
10 İyun 2020
73

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən uçqun hadisəsi ilə bağlı məlumat yayıb.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

Xəbər lenti