Həyat yoldaşı etirazçıları təhqir etdiyinə görə klubdan qovuldu
“Los-Anceles Qelaksi” futbolçusu Aleksandar Katai ilə yolları ayırıb.
Sabah.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Qərar qarşılıqlı razılaşma əsasında qəbul edilib.
ABŞ media isə yazır ki, 29 yaşlı serbiyalı Katainin göndərilməsinə onun həyat yoldaşı Teanın qəbulediməz davranışları səbəb olub. O, İnstaqramda ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsinə görə başlanan etiraz aksiyasının iştirakçıları barədə 2 sərt paylaşım edib. Bir paylaşımında o “etirazçılara ölüm” şüarı səsləndirib, digərində isə onları “iyrənc mal-qara” adlandırıb.
Həftənin üçüncü günü “Los-Anceles Qelaksi” bu hərəkəti pisləyib və irqçilik adlandırıb. Bir gün sonra isə artıq futbolçu ilə müqavilə ləğv edilib.
Qeyd edək ki, mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra ABŞ-da kütləvi etirazlar və iğtişaşlar baş qaldırıb. Belə ki, ağdərili polis əməkdaşı Derek Şovi C.Floydun qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Polis onun nəfəs ala bilməməsinə əhəmiyyət verməyib. C.Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Daha çox