Nazirlikdən pensiyaçılara xəbərdarlıq

XƏBƏR
18:30
17 Fevral 2020
112

“Pensiyaçıların nəzərinə! Pensiya kartlarınıza dair məlumatları heç kimə verməyin”.

Sabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Qurum rəsmisi pensiyaçılara dələduzlarla bağlı xəbərdarlıq edib:

“Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan və Bakının Qaradağ rayon şöbələrinə müraciət edən bir neçə pensiyaçı onların dələduzlar tərəfindən aldadılaraq pensiya kartlarından vəsait oğurlandığını bildiriblər.

Belə ki, həmin pensiyaçıların ev nömrələrinə zəng vuran naməlum şəxslər özlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək, guya pensiyalarına edilən artımların hesablarına köçürülməsi üçün onlardan pensiya kartlarına dair məlumatları öyrəniblər. Nəticədə həmin pensiyaçıların pensiya kartlarından müxtəlif məbləğlərdə vəsaiti oğurlayıblar. Bununla əlaqədar pensiyaçıların şikayətləri aidiyyatı rayon polis orqanlarına yönləndirilib”.

Fazil Talıbov ötən il də bu barədə xəbərdarlıq etdiklərini diqqətə çatdıraraq pensiyaçılara kart məlumatlarını başqasına verməməyi tövsiyə edib:

“Hələ ötən ilin dekabr ayında baş vermiş oxşar halla bağlı pensiyaçıları xəbərdər etmişdik. Bir daha pensiyaçılarımızı xəbərdar edirik ki, nazirliyin yerli qurumu, o cümlədən DSMF əməkdaşı tərəfindən heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz. Pensiya artımı olduğu halda artım məbləği avtomatik olaraq pensiyaya əlavə olunur. Ona görə də bir daha pensiyaçılara diqqətli olmağı və heç bir halda pensiya kart məlumatlarını başqasına verməməyi tövsiyə edirik”.

Xəbər lenti