"Azərbaycanda nağd manat virus daşıyıcısına çevrilib"

GÜNDƏM
10:25
4 İyun 2020
337

"Virusun yayılmasında nağd pulun rolu çoxdur".

Sabah.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Feysbukda yazıb. O bildirib ki, koronavirus Azərbaycanda iqtisadiyyatın zəif tərəflərini də müəyyənləşdirməyə imkan verib:

"Pandemiya dövründə 190 manat birdəfəlik ödəmənin çatdırılması zamanı bəlli oldu ki, Azərbaycanda xüsusilə də kasıb əhalinin banklarda hesabları yoxdur. "2017 Global Findex" hesabatında göstərilir ki, böyüklər arasında azərbaycanlıların 29 faizinin, ermənilərin 48 faizinin, gürcülərin isə 61 faizinin bank hesablarına çıxışı vardır. İnkişaf etmiş ölkələrdə müvafiq göstərici 67 faiz təşkil edir.

Pandemiya göstərdi ki, Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Belə ki, dükanlarda və restoranlarda nağd ödənişlər vasitəsilə pulları əldən ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə Azərbaycanda nağd manat virus daşıyıcısına çevrilib.

Azərbaycan Mərkəzi Bankın (AMB) açıqlamalarına görə, bu ilin mayın ayının 1-ə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5 faiz təşkil edib. Həmin tarixə banklardan kənarda nağd pul (M0) kütləsi 8,705 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artımı ifadə edir.

Dünyada nəinki nağdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevginin yüksək olması həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir. Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasına bank sisteminə və iqtisadiyyata rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Çünki, Azərbaycanda banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması həm də gizli iqtisadiyyatın miqyaslarının genişliyi ilə əlaqədardır. Odur ki, on illərdir ki, mövcud gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar".

Ekspert hazırkı vəziyyəti nəzərə alaraq bəzi tövsiyələr də verib:

"Mərkəzi Bank nağd pulların dezinfeksiyasını aparsın. İstehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi sellofan paketlərdə və ya portmanatlarda saxlasınlar. İmkanı olanlar ödənişlərini nağd manatla deyil, kartlarla post terminallar vasitəsilə, ən yaxşısı mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsinlər".

Xəbər lenti