Nazirlikdən barəsində cinayət işi açılan sabiq direktorla bağlı açıqlama

XƏBƏR
18:07
2 İyun 2020
89

Təhsil Nazirliyi barəsində cinayət işi açılan keçmiş məktəb direktoru haqda məlumat yayıb.

Sabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, hələ 2016-cı ildə Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Səfərov Cavad Abdulla oğlunun əmək müqaviləsinə öhdəliklərini yerinə yetirmədiyinə, məktəbəhazırlıq qruplarının təşkili qaydalarının kobud surətdə pozduğuna, digər əməlləri ilə dövlətin qanuni mənafelərinə xələl gətirdiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib (BŞTİ 11/1025, 25 noyabr 2016-cı il tarixli əmr):

“Bununla da direktor vəzifələrini icra edən şəxsin müxtəlif xarakterli qanunsuz əməllərinin 4 il bundan öncə daxili araşdırma nəticəsində ifşa edilərək müvafiq materialların hüquq-mühafizə orqanlarına təqdim edilməsi təmin edilib.
 
Təhsil Nazirliyi tərəfindən dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirlərin aparılması aidiyyəti dövlət qurumları ilə birlikdə davam etdirilir”.

Xatırladaq ki, Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmış, araşdırma nəticəsində faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti