Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə 
Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə I Divizion, Gənclər Liqası və 
digər məsələlər barədə münasibət öyrənilib. Sabah.az 
AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış geniş müzakirələrdən sonra 
səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub: 
1. I Divizionda 
çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar 
oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi 
stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab 
verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, I 
Divizionda mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə uyğun olaraq qalibin 
elan olunsun. 
2. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 
təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda 
infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir 
cədvəlinə əsasən qalib elan olunsun. 
3. Premyer Liqada və 
Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi 
təsdiqlənsin (FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun 
olaraq). 
4. Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl 
klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən 
keçirilsin. 
Qeyd: Premyer Liqa, I Divizion və Gənclər Liqası ilə 
bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və klublar tərəfindən 
müsbət münasibət bildirilib. 
Qeyd edək ki, hazırda I Divizonda "Turan Tovuz" klubu 37 xalla liderdir. 
Turnir cədvəlinin 2-ci pilləsində “Səbail-2”, 3-cü yerdə isə “Zaqatala” 
qərarlaşıb.