Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə təxirə salındı

XƏBƏR
20:43
22 May 2020
42

Məlum olduğu kimi, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki. son günlər vergi xidmətinə işə qəbulla bağlı imtahanların nə zaman keçiriləcəyi barədə çoxsaylı suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, işə qəbulla bağlı müsabiqələr vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. 2020-ci ildə də dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib və namizədlər martın 3-dən aprelin 3-nə qədər elektron ərizə vasitəsilə qeydiyyatdan keçiblər. İlkin olaraq, müsabiqənin cari ilin aprel ayının sonunadək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə də müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.        

Ölkə rəhbərliyi tərəfindən prosesə çevik reaksiya verilməsi və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində pandemiya ilə bağlı ölkədəki vəziyyət nəzarət altına alınsa da, təhlükənin böyüməməsi üçün bu gün də sosial izolyasiya tədbirlərinə əməl etmək əsas şərtlərdən biri olaraq qalır. Bu baxımdan, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş tövsiyə və məhdudiyyətləri nəzərə alaraq, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin keçirilməsi Dövlət İmtahan Mərkəzi ilə aparılmış müzakirələr nəticəsində qeyri-müəyyən müddətə təxirə salınıb və bu barədə Dövlət Vergi Xidmətinin internet səhifəsində məlumat yerləşdirilib.

E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərə müraciət edərək bildirib ki, narahatçılığa heç bir əsas yoxdur, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınır.

Qeyd olunub ki, müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

Xəbər lenti

10:39 2 İyun 2020
09:18 2 İyun 2020
23:55 1 İyun 2020
15:32 1 İyun 2020
13:33 1 İyun 2020