Bu il Azərbaycan istehsalı avtobusların ilk buraxılışı gözlənilir

İQTİSADİYYAT
00:45
21 May 2020
105

Cari ilin sonunadək Hacıqabul Sənaye Məhəlləsində inşa olunan zavodda avtobusların ilk buraxılışı planlaşdırılır.

Sabah.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, hazırda sənaye məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası yekunlaşmaq üzrədir.

Emin Axundov bildirib ki, pandemiya səbəbindən zavodda avadanlıqların quraşdırılması təxirə salınıb: “Gələn ay avadanlıqların quraşdırılması ilə bağlı tarix dəqiqləşəcək. İlin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı planlaşdırılır”.

Qeyd edək ki, ötən il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub.

Zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal edilməsi nəzərdə tutulub.

Xəbər lenti