Baş Prokurorluq DSX polkovnikinin həbs xəbərini təkzib etdi
Baş Prokurorluq DSX polkovnikinin həbs edilməsi haqda yayılan məlumatı təkzib edib.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünü feysbuk hesabında məlumat paylaşaraq qeyd edib ki, bəzi Kütləvi İnformasiya Vasitələrində “Dövlət Sərhəd Xidmətinin polkovniki” Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb:
“Məlumat üçün bildirirəm ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nin vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib.
Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq-mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.
Həmin cinayət işi üzrə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Daha çox