DTX-nin saxladığı general Əfqan Nağıyev kimdir?

ÖLKƏ
22:56
14 May 2020
507

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb.

Sabah.az xəbər verir ki, Əfqan Nağıyev barəsində dövrü mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi dəqiqdir.

O bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər yüksəlib. Ə.Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.

Xəbər lenti