Əfqan Sadıqov həbs edildi

ÖLKƏ
18:14
14 May 2020
159

“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Sabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, istintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə cari il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2020-ci il tarixdə cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanıb və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.

Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf edib, bundan başqa onların törətdikləri cinayət əməllərinə dair əməliyyat-texniki tədbirlər nəticəsində sübutlar əldə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Ə.Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, S.Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti