Avtomobil almaq istəyənlər nəzərinə - Yeni fırıldaqçılar peyda olub+Video
Dələduzlar insanları aldatmaq üçün yeni bir üsula əl atıblar.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, eyni avtomobilin bir elanda qiyməti 14 min 900, digərində isə cəmi 3500 manatdır. Başqa bir elanda yenə 2009-cu ilin avtomobili 1500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.
Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar. Adətən bu elanlarda olan maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir. Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin dırnaqarası sahibi onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar.
Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 min 800 manata satışa qoyulduğunu deyib.
Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında onun avtomobilini kimsə ucuz qiymətə satışa qoyduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.
Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.
Mütəxəssislər isə deyirlər ki, avtomobilin, dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar.
Daha çox