Məktəblərin bağlanması daha çox bu siniflərdə oxuyanlara mənfi təsir edəcək
"Hazırda qüvvədə olan qərara görə, orta və ali məktəblər ən yaxşı halda 31 mayda yenidən tədris prosesini bərpa edə bilər. Nəzərə alsaq ki, 3 martdan etibarən ölkə ərazisində bütün tədris və bununla bağlı olan bütün fəaliyyətlər dayandırılıb, bu o deməkdir ki, geri qayıdanda kifayət qədər mövzu məsafəsi yarana bilər".
Sabah.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər:
"1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və tədrisə bu qədər ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Digər narahatlıq doğura bilən siniflər 9 və 11-ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Düzdür, əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 orta məktəbdə təhsil alan 1,5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir”.
Ekspert həlli gözlənilən ən ciddi problemin isə 9 və 11-ci siniflərin imtahanı olduğunu deyib. Əlavə edib ki, pandemiya təhlükəsi uzanarsa, müəyyən proqram təminatı tətbiq edilməklə onlayn imtahanlar yolu ilə bu mümkündür:
"Hər kəs mobil telefon, kompüter və planşet ilə şəxsi imtahan səhifəsinə daxil olub, imtahan verə bilər. Burada ən ciddi narhatlıq kənar müdaxilə, köçürmə halları ilə bağlıdır. Bunun qarşısını almaq üçün öncə hər bir test tapşırığını müəyyən müddət daxilində cavablamaq imkanı verilməlidir. Misal üçün 1 və ya 2 dəqiqə bir test tapşırığına cavablamaq üçün vaxt verilir və müddət bitdikdən sonra test tapşırığı ekrandan gedir, ona qayıtmaq olmur. İkinci, hər bir imtahan iştirakçısı “Face control” proqramına cəlb edilməklə imtahan verir və ekranda kənar üz olarsa, avtomatik olaraq o test tapşırığına cavab vermək imkanı məhdudlaşdırılır. Üçüncü isə səs kontrolu ilə bağlıdır. Yəni imtahan iştirakçısı testin cavabını kənar bir şəxsdən soruşmaq istədikdə, 2-ci bir əlavə səs yenə də test cavablandırmaq imkanını aradan qaldırır. Burada yaranacaq problem hər kəsin lazımi avadanlıqla və internetlə təmin olunması ilə bağlı problemdir. Nəzərə alsaq ki, ölkədə 4447 orta məktəb, hər bir məktəbin kompüter otağı var və hər bir şagird məktəbə gedir, deməli, nəzəri olaraq onlayn imtahanın keçirilməsi mümkündür. Hətta bunun müsbət tərəfi odur ki, imtahan iştirakçısı imtahanı bitirən kimi nəticəsi ekranda olacaq.
Hesab edirəm ki, onlayn imtahanlarda təhlükəsizlik 100 faiz təmin olunacaq və heç bir kənar müdaxilə olmayacaq. "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram imtahan verənin yanındakı kənar şəxsi və səsi müəyyən edir, imtahan nəticələrini ləğv edir.
Avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) bu işin öhdəsindən gələ bilər".
Daha çox