13 şəxs barəsində istintaq tamamlanaraq məhkəmələrə göndərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmış 2019-cu il üzrə hesabatında göstərildiyi kimi bu istiqamətdə ardıcıl və kəsərli tədbirlər görülməklə cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunub.
Sabah.az xəbər verir ki, qeyd edilən materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanmış, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilib, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Məhkəməyə göndərilmiş cinayət işlərindən 2-si üzrə 4 şəxs barəsində ittiham hökmü çıxarılıb, 6 cinayət işi hazırda məhkəmələrin icraatındadır. Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Daha çox