Bu qurumların əsasnamələri təsdiqləndi
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sabah.az xəbər verir ki, fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki:
4.1. bu Fərmanın 1–3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, müvafiq olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir;
4.2. bu Fərmanın 1–3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənə qədər Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətlərini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 9.1–9.4-cü bəndləri icra olunanadək dəyişməz qalır.
5. “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783; 2018, № 12 (I kitab), maddə 2572; 2019, № 3, maddə 409; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) ləğv edilsin.
6. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; 2019, № 2, maddə 218, № 3, maddə 410, № 4, maddə 618, № 6, maddə 1037) 1-ci hissəsi ləğv edilsin.
7. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 693; 2017, № 1, maddə 47; 2018, № 4, maddə 658) 1-ci hissəsi ləğv edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954) “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.3-cü bəndə “təşkilatları ilə” sözlərindən sonra “, habelə digər hüquqi və fiziki şəxslərlə” sözləri əlavə edilsin;
8.2. 2.0.22-ci yarımbəndə “metrologiya,” sözündən sonra “texniki tənzimləmə,” sözləri əlavə edilsin;
8.3. 3.0.5-ci yarımbəndə “dövlət büdcəsinə vergilərin” sözlərindən əvvəl “strukturuna daxil olan müvafiq qurum vasitəsilə” sözləri əlavə edilsin;
8.4. 3.0.88-ci yarımbəndə “reklam” sözündən əvvəl “strukturuna daxil olan müvafiq qurum vasitəsilə” sözləri əlavə edilsin;
8.5. aşağıdakı məzmunda 3.0.91-1-ci, 3.0.91-2-ci, 3.0.91-3-cü və 3.0.91-4-cü yarımbəndlər əlavə edilsin:
“3.0.91-1. strukturuna daxil olan müvafiq qurum vasitəsilə insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən etmək;
3.0.91-2. strukturuna daxil olan müvafiq qurum vasitəsilə texniki reqlamentdə müəyyənləşdirilmiş əsas tələblərin təmin olunması məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;
3.0.91-3. strukturuna daxil olan müvafiq qurum vasitəsilə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması nəticələrinin reyestrini aparmaq;
3.0.91-4. strukturuna daxil olan müvafiq qurum vasitəsilə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin etmək və belə malların uçotunu aparmaq;”;
8.6. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd əlavə edilsin:
“5.5.3-1. Nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir;”;
8.7. 5.5.4-cü yarımbənddə “yarımbəndinə” sözü “və 5.5.3-1-ci yarımbəndlərinə” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə “tabeliyindəki” sözündən sonra “, habelə strukturuna daxil olan qurumların tabeliyindəki” sözləri əlavə edilsin;
8.8. 5.5.7-ci yarımbəndə “ixtisas dərəcələri” sözlərindən sonra “və baş vergi xidməti müşaviri və ondan aşağı olan xüsusi rütbələr” sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
9.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Daha çox