Əliyar Əliyev küçəsində dəyişiklik - Foto
Əliyar Əliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində hərəkət yenidən təşkil ediləcək.
Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda küçədə yenidənqurma işlərinə başlanılıb. Görülən işlər çərçivəsində hərəkətin kanallaşdırılması məqsədilə “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq. Nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri yaradılacaq.
Piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq. Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək.
Sərnişindaşımalarda xidmət səviyyəsinin yüksəldilməsi üçün avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaq.
Həmçinin, “Çermet körpüsü”nün altında hərəkət bir istiqamətli təşkil edilərək sürücülər arasında yaranan çaşqınlıq aradan qaldırılacaq, bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaq.
Daha çox