"Yoluxanların sayı artsa, çox çətin olacaq" - Video
Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanadan növbəti reportaj yayımlanıb.
Sabah.az xəbər verir ki, AzTV tərəfindən aparılan çəkiliş zamanı xəstələrdən birinin vəziyyəti ağırlaşıb və həkimlərin müdaxiləsi sayəsində onu xilas etmək mümkün olub.
Kadrlardan da göründüyü kimi reanimasiya otağında boş çarpayı yoxdur. Xəstələr “evdə qalmaq, burada olmaqdan yaxşıdır”, “evdə olun ki, burada olmayın” deyərək vətəndaşları daha diqqətli olmağa çağırıblar.
TƏBİB-in Müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov son bir həftədə xəstələrin sayının və ağırlıq dərəcələrinin artdığını bildirib: “Bu rəqəmlər həndəsi silsilə ilə artmağa davam etsə, çox çətin olacaq. Xahiş edirəm, sosial məsafəni gözləyin, gigiyena qaydalarına riayət edin”.
Tibb bacısı Xanım Babayeva xəstələrin müalicəsi ilə məşğul olduğu üçün 40 gündür iki azyaşlı övladı ilə görüşə bilmədiyini deyib: “Balaca övladım iki yaş yarımlıqdır. Ancaq onlayn əlaqə saxlaya bilirik. Amma bir ana üçün, bir qadın üçün bu çox çətindir. Danışa bilmirəm. Övladlarım üçün çox darıxmışam”.
Mart ayının 29-dan xəstəxanada xəstələri müalicə edən Kəmalə Namazova isə bildirib ki, vəzifəsini tam başa çatdırmayana qədər buradan ayrılmayacaq: "İnanmayacaqsınız bəlkə də, martın 29-dan bəri 12 kilodan çox çəki itirmişəm. Övladlarım evdən videoya ilə həyətimin, güllərimin şəkillərini çəkir, biz isə onun həsrətini çəkirik".
Koronavirusdan sağalan Almaz Ağayeva isə bildirib ki, yaşı ilə əlaqədar sağalacağına ümid etməsə də, 6 gün komada qaldıqdan sonra həkimlərin səyi nəticəsində xilas olunub.
Daha çox