“Vilyam Hacıyevin evindən çıxanlar haram pullardır”
İmişlinin 10 il deputatı olan Çingiz Qənizadə Vilyam Hacıyevin həbsi ilə bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, o, “Yeni Müsavat”a bildirib ki, V.Hacıyevin evindən çıxan avrolar, milyonlar zəhmətkeş, alın təri ilə işləmiş insanların əllərindən alınmış haram pullardır:
“Bu məsələ tək İmişlidə deyil. Hansı deputatı danışdırsanız o rayonlarda bu problemlər var. Bu gün Prezident Administrasiyasında Dövlət Nəzarəti Şurası var. Artıq yeni siyasi iradə ortaya qoyulmalıdır.
Həmin torpaqları geri alaraq kəndliyə vermək, kəndlilərə subsidiyalar, texnika ayırmaq, dəstək vermək olar. Yalnız bu yolla icra hakimiyyətləri ilə əhali arasında narazılıq yoxa çıxacaq. O ki qaldı İmişlidə təmir-tikinti işində büdcə pullarının mənimsənilməsi hallarına, yoxlama nəticəsində ortaya çıxa biləcək məsələlərdir".
Ç.Qənizadənin sözlərinə görə, Vilyam Hacıyev qapalı, hər şeydən qorxan, heç nəyi yaxına buraxmayan, qeyri-səmimi insan idi:
“Mən bir xatırlatma verim - 2019-cu ilin may-iyul ayları arasında İmişlidə 40 kənddə camaatla görüşlərim oldu. Onda hələ seçki olacağını bilmirdim.
O 40 kənddə keçirdiyim görüşlər zamanı icra başçısı bir dəfə maraqlanmadı ki, millət vəkili onlarla nə söhbət edir, insanların dərdi-səri nədən ibarətdir. Görünür, başı var-dövlət yığmağa qarışıb.
Əgər “Bentley” maşını varsa, villalar, malikanələr alırsa, deməli, haram yolla qazanılmış pullardır və bunu yemək olmaz. Prezident haqlı olaraq deyirdi ki, insanlara ayrılmış yardımları mənimsəməyin. O baxımdan Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatlarını alqışlayıram, onlara yorulmayasınız deyirəm".
Ç.Qənizadə əlavə etdi ki, antikorrupsiya əməliyyatları davam edəcək: “Xalq Prezidentin antikorrupsiya tədbirlərini dəstəkləyir və icra başçıları bilməlidirlər ki, onlar kiçik padşahlar deyillər. Eyni zamanda ictimai nəzarət güclənməlidir və prezident də bunu tələb edir”.
Daha çox