Təhsil naziri inklüziv təhsillə bağlı əmr imzaladı

ÖLKƏ
15:55
6 May 2020
1020

2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə Təhsil naziri əmr imzalayıb.

Sabah.az xəbər verir ki, əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) aşağıdakılar tapşırılıb:

Pilot təhsil müəssisələrində - Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qruplarının təşkil olunmasını təmin etmək;

Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini təmin etmək;

Məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etmək;

Təhsil İnstitutu (E.Əmrullayev) pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsini təmin etmək.

İnformasiya şöbəsi (E.Məmmədov) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

Xəbər lenti