“Yelo Bank”ın vəzifəli şəxslərinə cinayət işi açıldı
“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsini, o cümlədən 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını həyata keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daha çox