Ağsu dolaylarındakı obyektlər sökülərək yenidən inşa olunur - Video
İlin bütün fəsillərində gözəlliyi ilə diqqəti cəlb edən Ağsu dolayları istər yerli, istərsə də xarici turistlər üçün daha füsunkar olacaq. Belə ki, burada uzun illərdən bəri fəaliyyət göstərən 36 sahibkarlıq obyekti - kafe və restoranlar, istirahət guşələri və sair sökülərək yenidən, müasir dizaynla tikilir və ya rekonstruksiya edilir.
Sabah.az Azərtac-a istinadən xəbər verir ki, obyektlərin 11-də artıq söküntü işləri başa çatdırılıb.
Yenidənqurma işlərindən razılığını bildirən “Elşən” kafesinin sahibi Şahmurad Xankişiyev deyib: “Kafe 1992-ci ildən fəaliyyətdədir. O vaxtdan bəri həyat çox dəyişib. Ölkəmiz inkişaf edib, gözəlləşib, gəlib-gedənlər çoxalıb, zövqlər də təzələnib. Doğrusu, son illər istər yerli, istərsə də xaricdən gələn turistlər kafeyə baxıb keçirdilər, dayansalar da, oturmurdular. Bu da təbii idi. Obyektimiz köhnəlmişdi, müasir tələblərə cavab vermirdi. Sağ olsunlar, turizm şirkəti bizə gözəl bir layihə təqdim etdi. Yaxın vaxtlarda dolayların bu ərazisi gözəl bir guşəyə çevriləcək”.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-158-ci kilometrini təşkil edən Ağsu dolaylarında sahibkarlıq obyektlərinin yenidən qurulması təhlükəsizlik baxımından da zəruridir. Belə ki, 14 kilometrlik dolaylarda 17 sürüşmə zonası var və hətta 147-149-cu kilometrlərdə yolda və ərazinin iki yerində sürüşmə ikitərəflidir. 36 sahibkarlıq obyektinin 17-si məhz sürüşmə zonasındadır və bu da köhnə tikililər üçün çox təhlükəli idi. Yeni layihələrdə bütün bunlar nəzərə alınıb.
Əlbəttə, ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı həm də, turizm potensialından maksimum istifadəni ön plana çəkir. Bu baxımdan nəinki flora və faunası, tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Şirvan bölgəsində də böyük layihələr reallaşdırılır. Təsadüfi deyil ki, nəinki Ağsu dolaylarında, habelə Qobustan, Şamaxı, İsmayıllı rayonlarından keçən magistral yol kənarlarında yenidənqurma işlərinə start verilib.
Daha çox