“Avropa Məhkəməsi də ağına-bozuna baxmadan qərarlar çıxarır”
“Bir rayonda icra başçısı camaatın torpaqlarını əlindən alıb. Təbii ki, bu, məhkəmə yolu ilə vaxtında həll edilsəydi, məsələ bu günə kimi gəlib çıxmazdı”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında hakimlərlə bağlı layihədən danışarkən deyib. O qeyd edib ki, məhkəmələr öz üzərinə düşəni həll etmədiyinə görə insanlar dövlətdən narazı qalır:
“Bu baxımdan məhkəmə sistemində xeyli sayda görülməli işlər var. Bu məsələdə ədalətli qərarın rolu həddindən artıq vacibdir.
Bundan əlavə qeyd etmək istəyirəm ki, Avropa Məhkəməsi də ağına-bozuna baxmadan qərarlar çıxarır. Ermənistanla bağlı kifayət qədər məsələ var ki, insanların yaşamaq hüququ pozulub. Bunlarla bağlı heç bir məsələ Avropa Məhkəməsində müzakirə olunmur. Amma Azərbaycandan bir sıra şikayət ərizəsi gedən kimi, yaxud kimsə “Əli Kərimliyə xidmət edirəm” deyən kimi, qələmin mürəkkəbi qurumamış o saat qərarlar verilir. Bu cür insanların ictimai təhlükəli əməllərini dünya ictimaiyyətinə çatdırmaqdan ötrü prosedur qaydalarına düzgün əməl etmək lazımdır. Avropa Məhkəməsində əsas qaldırılan məsələ prosedur qaydalarıyla bağlıdır. Şikayət əsasən bu hallarla bağlı olur”.
S.Novruzov həmçinin hakimlərin yaşa görə yox, əməyə görə qiymətləndirilməsini təklif edib:
“Ola bilər ki, hakim məhkəmə sistemində işləyib, amma ömründə bir ədalətli qərar qəbul etməyib. Məhkəmə strukturu dövlətin ən aparıcı strukturlarından biridir. Dövlətin həyatında mühüm rol oynayır”.
Daha çox