Nazirlər Kabineti yoluxucu xəstəliklərə görə karantin qaydalarını təsdiqlədi

GÜNDƏM
20:47
1 May 2020
128

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edib.

Sabah.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu Qaydalar “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən hazırlanmışdır və hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (bundan sonra – yoluxucu xəstəlik) əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydalarını müəyyən edir.

Hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) müəyyən edir.

Bu Qaydalar aşağıdakı şəxslərə şamil olunur:

- yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə;

- yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə.

Bu Qaydalar Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi sanitar rejim müddətində tətbiq edilir.

Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

- karantin müəssisəsi - xəstəxanalar və digər tibb müəssisələri, sanatoriya-kurort müəssisələri, habelə bu məqsədlər üçün uyğunlaşdırılmış mehmanxanalar (otellər) və mehmanxana tipli digər obyektlər, istirahət müəssisələri, stadionlar, idman zalları, müvəqqəti çadır düşərgələri;

- yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxs (bundan sonra – yoluxduğu güman edilən şəxs) – yoluxucu xəstəliklərin yayıldığı ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslər;

- təmasda olan şəxs – yoluxucu xəstəliyə yoluxma faktı təsdiq olunmuş şəxslə həmin xəstəliyə yoluxmaya səbəb ola biləcək müddətdə və şəraitdə fiziki təmasda olmuş şəxs;

- karantin nəzarəti – yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsi;

- karantin yeri – yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yer;

- tibbi çeşidləmə müəssisəsi – yoluxucu xəstəliyin yayılmasının qarşısının alınması, vaxtında zəruri tibbi yardım göstərilməsi və profilaktik tədbirlər görülməsi məqsədilə yoluxduğu güman edilən şəxslərin çeşidlənməsi üçün ayrılmış tibb müəssisələri;

- risk qrupunda olan şəxslər – hamilə qadınlar, uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, immun sistemi zəif olan şəxslər, habelə yoluxucu xəstəliyi ağırlaşdıran xəstəlikləri olan şəxslər.

Yoluxduğu güman edilən şəxslərin karantin müəssisəsində yerləşdirilməsi

Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər.

Karantin müəssisəsinə yerləşdirilən şəxs ÜST-nin tövsiyələri nəzərə alınmaqla və Azərbaycan Respublikasında qüvvədə olan sanitariya-gigiyena qaydalarına və normalarına uyğun olaraq laboratoriya müayinəsindən keçirilir. Laboratoriya müayinələrinin keçirilməsi zərurəti, onların sayı və keçirilməsi tezliyi yoluxucu xəstəliyin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Yoluxucu xəstəliyin xüsusiyyətindən asılı olaraq laboratoriya müayinəsinin keçirilməsi tələb olunduqda, yoluxduğu güman edilən şəxslər ən azı 2 (iki) dəfə - karantin müəssisəsinə yerləşdirildikdə və karantin nəzarətinin sonunda laboratoriya müayinəsindən keçirilirlər. İlkin laboratoriya müayinəsinin nəticəsi neqativ olduqda, həmin şəxslər bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətin qalan hissəsi ərzində yaşadıqları və ya olduqları yerdə bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə karantin nəzarətinə götürülürlər. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxs karantin müəssisəsində saxlanılır.

Karantin müəssisəsinə yerləşdirilmiş şəxsə onun hüquq və vəzifələri, yerləşdirildiyi müəssisədəki şərait və ona göstəriləcək xidmətlər, karantin nəzarətinin müddəti və onda yoluxucu xəstəlik aşkar edildiyi halda görüləcək tədbirlər barədə məlumat verilməlidir.

Karantin müəssisəsinə yerləşdirilmiş şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, bu Qaydaların 3.4-cü bəndində göstərilən məlumatlar, habelə onun vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin və ya konsulluğunun əlaqə məlumatları, həmin şəxsə onun başa düşdüyü dildə verilməlidir.

Karantin müəssisəsində yerləşdirilmiş şəxslərin sağlamlıq vəziyyətinə nəzarət, ən azı hər 12 saatdan bir olmaqla, onlara təhkim edilmiş tibb işçiləri tərəfindən təmin olunur.

Karantin müəssisəsində yerləşdirilmiş şəxsin sağlamlıq vəziyyətində yoluxucu xəsətliyə xas olan dəyişiklik (temperaturun yüksəlməsi, respirator əlamətlər və s.) müşahidə olunduğu halda, həmin şəxs dərhal digər şəxslərdən təcrid olunmalı və laboratoriya müayinəsindən keçirilməklə tibbi çeşidləmə müəssisəsinə göndərilməlidir. Laboratoriya müayinəsinin nəticəsindən asılı olaraq onun müalicəsi barədə yekun qərar qəbul edilir.

Yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasının ərazisinə daxil olduqları vaxt laboratoriya müayinəsindən keçirilir və müayinənin nəticəsi əldə olunanadək yaşadıqları və ya olduqları yerdə bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə karantin nəzarətinə götürülürlər.

Azərbaycan Respublikasının ərazisində tranzitlə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqəsinə daxil olduqları vaxt həmin şəxslərin sağlamlıq vəziyyəti qiymətləndirilir və onların təyinat məntəqəsi istiqamətində nəqliyyat vasitəsini tərk etməmək şərtilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə maneəsiz hərəkəti təmin edilir. Nəqliyyat vasitələri təyinat məntəqəsinə qədər yanacaqla təmin olunur. Yanacaqdoldurma məntəqəsindən yanacaq doldurmaq zərurəti yarandığı təqdirdə, sürücülər qoruyucu tibbi vasitələrdən istifadə etməli və digər şəxslərlə ünsiyyət zamanı yoluxucu xəstəliyin xüsusiyyətindən asılı olaraq minimal məsafə (ən azı 1 (bir) metr) saxlamalıdırlar. Sürücülərin zəruri ehtiyaclarının ödənilməsi də eyni qaydada təmin olunur.

Bu Qaydaların 3.9-cu bəndində göstərilən şəxslərin sərhəd buraxılış məntəqəsində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onların yoluxucu xəstəliyə yoluxma şübhəsi yarandıqda, həmin şəxslərin gəldikləri ölkənin səlahiyyətli orqanlarına məlumat verilməklə onlar geri qaytarılır. Bu sürücülərdə yoluxucu xəstəliyə yoluxma şübhəsi onlar Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra və ya təyinat ölkəsinə hərəkət zamanı yarandıqda, həmin şəxslər laboratoriya müayinəsindən keçirilməklə tibbi çeşidləmə müəssisəsinə göndərilir.

Laboratoriya müayinəsinin nəticəsindən asılı olaraq onların müalicəsi barədə yekun qərar qəbul edilir.

Təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi

Təmasda olmuş şəxslərin dairəsi Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir.

Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar.

Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər.

Bu Qaydaların 4.3-cü bəndində göstərilən şəxslər üzərində tibbi müşahidə ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə həyata keçirilir.

Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir:

- onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir;

- şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir;

- mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir;

- ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır.

Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır.

Karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs əlavə laboratoriya müayinəsindən keçirilir. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunur.

Tibb müəssisəsində yoluxucu xəstəliyə yoluxma zamanı görülən tədbirlər

Tibb müəssisəsində yoluxucu xəstəliyə yoluxma faktı aşkar edildikdə, həmin tibb müəssisəsində işləyən bütün tibb işçiləri laboratoriya müayinəsindən keçirilir və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına ciddi əməl etməklə fəaliyyətlərini davam etdirirlər. Bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddət keçdikdən sonra tibb işçiləri təkrar müayinədən keçirilirlər.

Yoluxucu xəstəliyə yoluxmuş tibb işçiləri ilə təmasda olan xəstə laboratoriya müayinəsindən keçirilərək, müalicəsini davam etdirir. Müalicə müddəti bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdən tez başa çatdıqda, həmin şəxs yaşadığı və ya olduğu yerdə karantinə götürülür.

Karantin müəssisələrinə yerləşdirməyə dair ümumi tələblər

Karantin müəssisəsinə yerləşdirilmə zamanı aşağıdakı tələblərə riayət olunmalıdır:

- hər bir şəxs havalandırılan (ventilyasiya olunan) tək yerli və sanitar qovşağı ilə təmin edilmiş otaqlarda yerləşdirilməli, bu mümkün olmadıqda isə xəstəliyin yoluxdurucu xüsusiyyətləri nəzərə alınaraq çarpayılar arası minimal məsafə təmin edilməlidir;

- karantin müəssisəsində yerləşdirilmiş şəxslərin tibbi maskadan istifadə etməsinə və xəstəliyin yoluxdurucu xüsusiyyətləri nəzərə alınaraq minimal məsafənin saxlamasına nəzarət edilməlidir;

- karantin müəssisəsində yerləşdirilmiş şəxslərə xidmət göstərən tibb işçiləri və digər işçilər tərəfindən yoluxma riskini istisna edən sanitariya-gigiyena qaydalarına və normalarına riayət edilməlidir.

- karantin müəssisələrinə yerləşdirilmiş şəxslərin əşyaları, o cümlədən fərdi gigiyena vasitələri, geyimləri, yataq ləvazimatları digərlərinin əşyalarından təcrid edilməli və ayrıca yuyulmalıdır;

- karantin müəssisəsinin ərazisi mütəmadi olaraq, sanitar qovşaqları isə gün ərzində 1 (bir) dəfədən az olmayaraq xüsusi məhlullarla dezinfeksiya edilməlidir.

Xəstəliyin yoluxdurucu xüsusiyyətlərindən asılı olaraq, Nazirliyin və Agentliyin təklifləri əsasında karantin müəssisələrində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əlavə tədbirlər görülə bilər.

Karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır.

Karantin müəssisəsində yerləşdirilmiş risk qrupunda olan şəxslərdə yoluxucu xəstəliyin ağırlaşma riskinin yüksək olması nəzərə alınaraq, həmin şəxslər mütləq tək yerli otaqlarda yerləşdirilməli və onların müəssisədə olan digər şəxslərlə təması məhdudlaşdırılmalıdır.

Karantinə götürülmüş şəxslərə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilir.

Karantin müəssisəsinə yerləşdirilmiş şəxslərin ailə üzvləri ilə əlaqə saxlaması (ziyarət edilməsi istisna olmaqla) üçün şərait yaradılır.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Xəbər lenti