“20 Yanvar” dairəsi dəyişib belə olacaq - Sürücülərin nəzərinə+Video

XƏBƏR
22:41
30 Aprel 2020
232

Paytaxtda sürücülərin ən böyük çətinliklə üzləşdikləri, hətta saatlarla tıxacda qaldıqları yerlərdən biri də "20 yanvar" dairəsidir. Xüsusilə pik saatlarda şəhərə giriş və çıxış etmək istəyən sürücülər xeyli çətinliklə üzləşirlər.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bütün bunlar nəzərə alınıb və dairədə yol hərəkətinin təşkilində müəyyən dəyşikliklərə başlanıb. Dairə təxminən hər tərəfdən 10 metr enində kiçildilib. Həmçinin dairəyə daxil olan yollar 1 hərəkət zolağı enləndirilib.

Hazırda dairənin kiçildilməsinə, həmin hissədə dairəyə daxil olan yollarda zolaqların sayının artırılmasına başlanıb. Bu məqsədlə bu gündən "20 Yanvar" dairəsi üzrə hərəkət qismən məhdudlaşdırılıb. Yəni "20 Yanvar" dairəsində şəhərdən çıxış istiqamətinə məhdudiyyət qoyulub.

Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində "20 Yanvar" dairəsində hərəkətin təşkilində müəyyən dəyişikliklər edilir. Hazırda sözügedən ərazidə texnikalar vasitəsilə köhnə asfalt-beton örtüyü frezlənərək daşınır.

Yeniliyə əsasən, Şərifzadə küçəsi ilə gələn sürücülər birbaşa "20 Yanvar" dairəsinə daxil ola bilməyəcəklər. Çünkü əvvəllər həmin sürücülər dairəyə daxil olarkən üzü şəhər istiqamətində hərəkət edənlərə ciddi çətinlik yaradırdılar.

Sözügedən ərazidə işlər bu gün başlayıb və mayın 4-ə qədər davam edəcək. Təmir işləri aparılan günlərdə şəhərdən çıxmaq istəyən sürücülərə Tbilisi prospektindən gələrkən körpünün üstü ilə getmələri tövsiyə olunur. Həmçinin sürücülər "3-cü mikrarayon" dairəsinə daxil olmaqla, Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən "20 Yanvar" dairəsinə, yəni şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Xəbər lenti