Milli Qəhrəmanların ailə üzvləri Prezidentə təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyevə Milli Qəhrəmanların ailə üzvlərindən də minnətdarlıq məktubları gəlib.
Sabah.az Prezidentin saytına istinadla həmin məktubları təqdim edir.
Bakı şəhərinin Sabunçu rayonunun sakini, Milli Qəhrəman Məhərrəm Seyidovun həyat yoldaşı Şəkər Seyidova yazır: “Hörmətli cənab Prezident, Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qeydinə qalmağınız, bu çətin vaxtda xalqa maddi və mənəvi cəhətdən dəstək olmağınız biz şəhid ailələrini çox sevindirir. Mən şəxsən öz Prezidentimlə fəxr edirəm. Torpaq, Vətən yolunda şəhid olan qəhrəman oğulların ata və anaları, ailələri, övladları Sizə əmanətdir. Cənab Prezident, Heydər Əliyev Fondunun dəstəyi ilə iki dəfə ağır əməliyyat keçirmişəm. Bu gün həyatda olduğum üçün Sizlərə borcluyam. Bu çətin dövrdə Sizin tövsiyə və çağırışlarınızı çox vacib sayır, onların hamısına riayət edirik. Allah Sizi və ailənizi qorusun!”.
Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakini, Milli Qəhrəman ailəsinin üzvü Pakizə Əliyevanın məktubunda deyilir: “Cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında bizim ölkənin adı ölüm hallarının sayına görə son pillələrdədir. Siz xalqımızın sağlamlığı üçün əlinizdən gələni əsirgəmədiniz. Aztəminatlı ailələrə dövlət tərəfindən davamlı yardımlar edilir. Cənab Prezident, Siz nazirlərlə keçirdiyiniz videomüşavirədə qeyd etdiniz ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət tərəfindən yardım 200 min nəfərə deyil, 600 min insana iki ay ərzində hər ay 190 manat olmaqla verilməlidir. Bu, bir daha onu göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız, onun sevinc və kədərinə şərik olursunuz. Sizin qayğınız və səmimiyyətiniz hər bir azərbaycanlı ailəsində hiss olunub, bu gün də olunmaqdadır. Sizin tərəfinizdən edilən müraciətlər, tövsiyələr, məzuniyyətə buraxılan işçilərin əməkhaqqının ödənilməsi, 190 manat vəsaitin ayrılması, “Biz birlikdə güclüyük!” kimi çağırışlarınız Azərbaycan xalqını qorumaq üçündür. Bütün bunlara görə şəhid anaları adından Sizə təşəkkür edirik. Siz bizləri qoruyursunuz, Allah da Sizi qorusun!”.
Qubadlı rayonundan Milli Qəhrəman atası Nəriman Həmidov yazır: “Hörmətli cənab Prezident, Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci il dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik. Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun!”.
Daha çox