“Görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə sərtləşdirəcəyik”
“Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük”.
Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı zamanı Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, indi dinamika müsbət istiqamətdə gedir:
“Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik. Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah!”
Daha çox