Azərbaycan sərhədini pozmaq istəyənlərdən biri öldü, 2-si qaçdı

ÖLKƏ
09:26
23 Aprel 2020
59

Dünən saat 15:30 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

Sabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olun­muş və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edə­rək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım gös­təri­lərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd pat­ron, 1 ədəd patron gilizi aşkar olunmuşdur. Ərazidə axtarış işləri davam etdirilir.

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunmuş, hadisə yerində görüş keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­findən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər lenti