“Azəriqaz” və “Azərsu”dan limitlə bağlı - Açıqlama
Koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinlik fonunda aprel ayından etibarən, vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb. Qərara uyğun olaraq, aprel və may ayları üçün enerji sərfiyyatı limiti 300 kVt-dan 400 kVt-a qaldırılıb.
Vətəndaşların elektrik enerjisindən istifadə limitinin artırılması fonunda “Azərsu” və “Azəriqaz” kimi qurumların analoji addımı atmamalarının səbəbi maraqlı görünür. Əhali isə indiki vəziyyətdə su və təbii qazdan istifadə limitinin artırılmasını gözləyir.
Sabah.az xəbər verir ki, təbii qazdan istifadə limitinin artırılması imkanları barədə Yenicag.az-a danışan “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib ki, bu məsələ yalnız müvafiq dövlət qurumları səviyyəsində həll oluna bilər:
“Əhaliyə verilən təbii qazın limitinin tənzimlənməsi “Azəriqaz”ın səlahiyyətində olan məsələ deyil. Limitlə bağlı istənilən qərar Tarif Şurası tərəfindən qəbul olunur. Ona görə də bir qurum olaraq, limitin azaldılması və ya artırılması ilə bağlı məsələlərə müdaxilə etmirik”.
“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, təmsil etdiyi qurum dövlətin qərarı olmadan limiti artırmaq səlahiyyətinə malik deyil:
“Karantin rejimi ərəfəsində limitin artırılması Nazirlər Kabinetinin qərarına əsasən, təyin olunur. Nazirlər Kabinetinin vətəndaşlara verilən suyun limitinin artırılması ilə bağlı bir qərarı yoxdur. Ona görə də, özbaşına hər hansı qərar verə bilmərik”.
Daha çox