“Pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq”

GÜNDƏM
10:57
22 Aprel 2020
117

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizənin mərhələlərindən yazıb.

Sabah.az xəbər verir ki, V.Qasımlı pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacağını bəyan edib: “Hazırda böhranın dərinləşməsinin qarşısı alınır və sabitlik qorunur, ikinci mərhələdə iqtisadiyyatın bərpası başlayacaq. İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir”.

Hazırda dünyadakı suveren fondlara təsirlərin üç istiqamətdə olduğunu deyən Vüsal Qasımlının fikrincə, aşağı neft qiymətləri suveren fondların gəlirlərini azaldır, qiymətli kağızlar bazarında 20-25 faizlik eniş aktivləri dəyərsizləşdirir və pandemiya ilə mübarizədə suveren fondların xərcləri artıb:

“JPMorgan”ın hesablamarına görə, qlobal pandemiyanın təsiri ilə dünyadakı suveren sərvət fondları təxminən 1 trilyon dollar dəyərində kapital itkisinə məruz qalıb. Körfəzdəki suveren fondların aktivlərinin bu ilin sonuna qədər 296 milyard dollar azalacağı proqnozlaşdırılır. Dünyanın ən iri suveren fondu – Norveçin Pensiya Fondu bu ilin ilk rübündə 113 milyard dollar, başqa sözlə, Azərbaycanın Dövlət Neft Fondunun həcmindən az qala üç dəfəyə qədər böyük dəyəri itirib.

Qlobal şoklar nəticəsində bu ilin ilk rübündə Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq isə 2,1 milyard manat olub. Dövlət Neft Fondunun investisiya portfelinin 80 faizindən çoxunu likvid və sabit gəlirli alətlər təşkil etdiyindən, qlobal şokların fondun aktivlərinə təsirini minimuma endirmək mümkündür. Eyni zamanda, Fondun investisiya portfelinin 66 faizinin ABŞ dollarında olması və bu valyutanın real effektiv məzənnəsinin bu ilin əvvəlindən 8,5 faiz bahalaşması aktivlərin dəyəri üçün əhəmiyyət kəsb edir”.

Xəbər lenti