Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.
Sabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.
Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra vətəndaşların telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Qeyd olunub ki, birdəfəlik ödənişlər qarşıdakı günlərdə də davam edəcək.
Daha çox