“Verilişlər 12-də dayandırılırdı ki, insanlar enerjidən çox istifadə etməsinlər”
“Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək”.
Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərenerji” ASC-nin baş idarəetmə kompleksinin açılışında çıxış edərkən deyib.
Dövlət başçısı xatırladıb ki, hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi: “Yadımdadır, - gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, - o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni, böyük qıtlıq var idi. O ki qaldı, Azərbaycanın bölgələrinə, orada ümumiyyətlə, enerji təminatı çox pis vəziyyətdə idi. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda, bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı.
Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq. O vaxt regional elektrik stansiyalarının tikintisinə başlamışdıq. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintisi müəyyən dərəcədə imkan yaratdı ki, öz tələbatımızı özümüz təmin edək. Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.
Daha çox