Araz çayından 113 kiloqram narkotik keçirmək istədilər - Video+Fotolar
Araz çayını qanunsuz keçməklə 113 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddəni Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirən İran vətəndaşı və daha bir nəfər saxlanılıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Belə ki, Baş İdarə əməkdaşları əldə etdikləri məlumat əsasında İmişli rayonu Bəhrəmtəpə-Biləsuvar magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Enibar İsmayılov və İran İslam Respublikasının vətəndaşı Əli Şəhriyari saxlanılıblar.
Baxış zamanı onların üzərlərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək, 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Tədbir zamanı İran vətəndaşından həmçinin 1 ədəd üzərində “Sur-2608” sözləri yazılmış tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb.
Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 10 milyon manatdır. Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər. Əli Şəhriyarı və Enibar İsmayılov İran vətəndaşının İmişli rayonunda qeyd etdiyi yerdə narkotik vasitələri gizlədəndən sonra isə geri qayıtmalıymışlar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əli Şəhriyarı və Enibar İsmayılov tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daha çox